Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Seyid Mirəli Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, qətl bu il aprel ayının 8-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində baş verib.
Seyid Mirəli Cavadov bacısı, 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb.
İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Mürsəl Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas ediblər.
Hadisəni törətməkdə şübhəli bilinən Seyid Mirəli Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Mürsəl Cavadovla nikahdan iki övladı doğulmuş İzzət Cavadova ərindən boşanmaq istəyib. Cinayət hadisəsindən bir neçə gün əvvəl o, evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb.
İzzət Cavadovanın kiçik qardaşı olan 25 yaşlı Seyid Mirəli Cavadov onların evinə gələrək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarət yetirib.
Seyid Mirəli Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə ittiham olunur.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrı 22- ə təyin edilib.
Hacı Zeynalov