21 Sentyabr 2016 16:26
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi prosesdə Elşad Həsənov ifadə verib.

O, ifadəsində cinayət törətmədiyini deyib: "Sevil Rzayevanı mən öldürməmişəm. Qadının öldürülməsi sifarişi əmim Kərimə verilib. Onu da əmim öldürüb. Mən sadəcə ora paltar götürməyə getmişəm. Günahım yoxdur".

Məhkəm prosesi sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Elşad Həsənovun əmisinin adı cinayət işində keçmir. Elşad Həsənov qətlin sifarişi ilə bağlı ilk dəfə məhkəmədə belə ifadə verir.

İttihama görə, bu il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkar edilib.
Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər.

Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb.

Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb.

Məlum olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış.

Ərinin ondan boşanmasında israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər