Bakı Apelyasiya Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vaxtından əvvəl məhkumluğunun üzərindən götürlməsi barədə ərizəsinin təmin edilməməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Rəsul Cəfərovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı ərizəsi Yasamal rayon Məhkəməsində rədd edilib.
Bundan sonra Rəsul Cəfərov apelyasiya şikayəti verib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərov iştirak etməyib. Buna görə də növbəti proses oktyabrın 27-nə təyin olunub.
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsində Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb. Bundan sonra Rəsul Cəfərov Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Rəsul Cəfərovun barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin edilməyib.
Rəsul Cəfərov Prezident İlham Əliyev bu ilin martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb.
Hacı Zeynalov