15 Noyabr 2016 15:01
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, iş üzrə əlavə şahid qismində ifadə verən İlqar Səfərov iifadəsində deyib ki, 2012-2013-cü illərdən "Global Constuction" MMC-də iş icraçısı vəzifəsində çalışıb. Onun sözlərinə görə, Bakıxanov qəsəbəsində yerləşən binanın fasadlama işlərini həyata keçirib: "Tikintiyə nəzarəti şirkət direktorunun tikinti məsələləri üzrə müavini Toğrul Məmmədov həyata keçirirdi. Şirkətə rəhbərliyi baş direktor İlqar Vəliyev icra edirdi. Poliuretan üzlüklərini binaların əyri səthlərini düzəltdikdən sonra vururduq. Burada beynəlxalq təcrübə nəzərə alınırdı. Yanğın baş verən gün mən ofisdə olmuşam. Sonradan ofisə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəldi".

Digər şahid Amid Muxtayev 2012-ci ilin avqust ayından "Global Constuction" MMC-də bitmiş iş həcmlərinin qəbulu üzrə mütəxəssis vəzifəsində çalışıb: "İşimiz ondan ibarət idi ki, təmir yekunlaşandan sonra biz əraziyə gedib, onu yoxlayırdıq. Şöbə rəisi Zahir Əliyev, baş direktor İlqar Vəliyev idi".

Samir Hacızadə isə ifadəsində deyib ki, 2007-ci ildən "Global Constuction" MMC-də baş direktorun marketinq və satış məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, şirkətin baş direktor tərəfindən idarə edildiyini, təsisçilərin bu işə müdaxilə etmədiyini deyib. Şahidin sözlərinə görə, poliuretan məhsullarının yanğın testini həyata keçiriblər: "Məhsulun keyfiyyətini nümayiş etdirmək üçün bunu video görüntü kimi yaydıq. Material çətin yanan maddələrdən hazırlanmışdı. Bizim şirkət keyfiyyət göstəricilərinə görə, dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb".

Şahid əlavə edib ki, yanğın hadisəsindən 6 gün əvvəl şirkətə sabiq Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı gəlib: "Miryusif Mahmudov məni çağırıb, şirkətin kataloqlarını istədi. Qonaqlar gedəndən sonra gördüm ki, Miryusif müəllimin qanı qaradı. Səbəbini soruşduqda mənə dedi ki, bizə hədə-qorxu gəlib, pul tələb edirdilər. Guya onlar Xətaidə yanan bina işini araşdırırdılar. Mən həmin şəxsləri yanğın günü ofisimizdə də gördüm. Onlar bir çox sənədləri ofisdən apardılar. Sonra MTN əməkdaşları görüntü yaddaşı olan qutuya da müdaxilə etdilər".

Proses noyabrın 17-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatət əsasında çağırılan şahidlərin dindirilməsini istəyib.

Dövlət ittihamçısı bildirub ki, zərərçəkmiş və əsas şahidlərin dindirilməsi başa çatandan sonra əlavə şahidlərin dindirilməsi məsələsi müzakirə edilə bilər.

Hakim isə deyib ki, cinayət işi üzrə əsas şahidlərin dindirilməsi başa çatıb, dindirilməyən iki zərərçəkmiş qalıb: "Biri xaricdədir, onu dindirmək mümkün deyil. Digər zərərçəkmiş isə natariusdur, prosesə gəlməyib. Məlumat verib ki, yoldadır. Buna görə də prosesdə 15 dəqiqəlik fasilə elan olunur".

Qısa fasilədən sonra vəkilin əlavə şahidlərin çağırılması barədə vəsatəti müzakirə edilib. Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən əlavə şahidlərin çağırılmasına ehtiyac olmadığını deyib: "Əsas şahidlərin ifadələri kifayət edir. O şəxslər Miryusif Mahmudovun işçiləridir, hansı məzmunda ifadə verəcəkləri indidən bəllidir".

Məhkəmə kollegiyası isə vəsatəti təmin edib.

Əlavə şahid Mansur Hüseynov deyib ki, "Global Construction"da baş mühəndis işləyib: "Bizim şirkət şifariş qəbul edərkən direktor İlqar Vəliyev görüşlər keçirib razılaşdırırdı. Mən inşaat rəhbərim Toğrul Məmmədovdan tapşırıq alırdım. Təsisçi Miryusif Mahmudov bu işlərə müdaxilə etmirdi. Poliuretan məhsulunun hansı formada vurulması ilə bağlı qayda yoxdur. Bəzi binalarda karkas qurulurdu, bəzilərində yox".

Şahid əlavə edib ki, yanğın hadisəsindən bir saat sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşkarı gəlib və Miryusif Mahmudovu da apardıqlarını eşidib: "Sonra Miryusif MTN-dən mənə zəng vurdu və bildirdi ki, işçilərlə bağlı sorğu-sual edilib".

Daha sonra digər əlavə şahid Zahir Əliyev ifadə verib.

Onun sözlərinə görə, “Global Construction” MMC-də iş icraçısı işləyib: "2013-cü ilin martından isə sahələrdə yox, şirkətdə işləməyə başladım. Azadlıq prospektindəki binada Binəqədi rayon İcra Hakimiyyətinin sifarişi ilə təmir işləri görülüb".

Həmin binada Natorial Kontorda işləmiş Şahid İlqar Məmmədov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır. İstintaqdakı ifadəsini təsdiqləyən İlqar Məmmədov hadisənin baş verməsini danışıb: "Əvvəlcə yanğını gördəkdə işimizə davam etdik. Yanğın gücləndikdə işçiləri ofisdən çıxardıq. Yanğından əvvəl şübhəli şəxs və ya oradan qaçan görməmişəm. Son vaxtlar belə hadisələri mətbuatdan eşitmişəm".

İlqar Məmmədov bildirib ki, hadisə ilə bağlı yanğınsöndürən xidmətinə zəng edib: "Yanğınsöndürənlər təxminən 25 dəqiqə sonra gəldilər".

Vəkillərin suallına cavab verən İlqar Məmmədov bildirib ki, yanğından əvvəl və ya sonra orada şübhəli şəxs görməsi mümkün deyil: "Hadisədən bir gün əvvəl saat 7-də işim bitib, evə getmişəm. Mən həmin binada yaşamıram. Səhər işə gələndə xidməti otağımda olmuşam. Kameram da yoxdur ki, ətrafı izləyim. Binaya bitişik yarımçıq tikilini icarəyə götürmüşəm.

Həmin tikilinin üstü görsənmir. Mən həmin tikilinin üstünü yoxlamamışam. Bunun mənim işimə adiyyəti də yoxdur. Bizim ofisdən yalnız yuxarı mərtəbələtəri görürəm. Tüstünün baş verdiyini yeri heç kim görə bilməz. Tüstünün başlama vaxtını görmənişəm. Kəşfiyyatçı da deyiləm..."

Proses gününü ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər