18 Noyabr 2016 13:46
2 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qardaşı öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qaradağ rayon sakini Zaur Tərlanovun kasasiya şikayətinə baxılıb.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Zaur Tərlanovun Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdiyi kasasiya şikayəti təmin edilməyib. Qərarda nəzərdə tutulub ki, apelyasiya instansiyasında Zaur Tərlanovun şikayəti məhkəmə istintaqı aparılmadan baxılacaq.

Zaur Tərlanov kasasiya şikayətində apelyasiya instansiyasında işə baxan hakim Əflatun Qasımovun ilkin baxış iclasında qəbul etdiyi qərarın ləğv edilməsini istəyib. Hakim apelyasiya şikayətinə istintaq aparılmadan baxılması barədə qərar qəbul edib. Qərardan narazı qalan Zaur Tərlanov kasasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, ötən il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə “Vinçester” markalı odlu silahdan bir neçə atəş açıb. Buna səbəb Zaurla onların arasında yaranmış mübahisə səbəb olub.

Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb.

Səhəri gün Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanovu yaxalayıblar. İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət də bu məsələ üstündə baş verib. Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər