10 Yanvar 2017 14:28
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və qeydiyyata alınmamış Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılov sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə hakim özü-özünə etiraz edib.

Onun sözlərinə görə, cinayət işi ilə tanışlığı zamanı məlum olub ki, həmin iş üzrə istintaq Dövlət Təhlükəsizlik Xidməti (DXT) tərəfindən aparılıb. Həmin iş üzrə istintaq qrupunda onun oğlu Emil İsmayılzadə olub: "Qanunvericilik bu işə mənim sədrliyimlə baxmağa imkan vermədiyi üçün özümə etiraz edirəm”.

Hakimlər kollegiyası müşavirə otağına yollanaraq, etirazı müzakirə ediblər. Müşavirədən qayıdan məhkəmə heyəti etiraz təmin edib. Qərara əsasən, cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə göndəriləcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən Nardaran qəsəbə sakini Natiq Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar Natiq Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Ötən il yanvarın 7-də o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə haqqında dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail rayon Məhkəməsinin qərarı ilə Natiq Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

DTX-nın həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İnqilab Əhədovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar İnqilab Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. O da ötən ilin yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər