12 Yanvar 2017 12:55
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda tanışının sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə-tibbi ekspertizasının rəyi elan edilib.

Rəyə əsasən, Kamil Quliyevin xəsarət yetirdiyi Rahib Zeynalov məhkəmə dövründə aldığı xəsarətlərdən ev şəraitində olan zaman dünyasını dəyişib.

Prokuror Eldar Həmzəyev vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin məhkəmə baxışına xitam verilməsini və Kamil Quliyevə verilən ittihamın daha da ağırlaşdırılması üçün təkrar prokurorluğa qaytarılmasını tələb edib.

Məhkəmə vəsatətin təmin edilməsi barədə qərar elan edib.

Qərara görə, Kamil Quliyevə verilən Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə olan cinayət işinin baxışına xitam verilib və maddənin ağırlaşdırılması ilə bağlı iş yenidən Sumqayıt Şəhər Prokurorluğuna qaytarılıb.

Hadisə ötən il Sumqayıtda baş verib. Kamil Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Dava zamanı ağır xəsarətlər alan Rahib Zeynalov xəstəxanaya yerləşdirilib. Bundan sonra zərərçəkən şəxsin şikayəti əsasında Kamil Quliyev həbs edilib. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

İş Sumqayıt prokurorluğunda araşdırılaraq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rahib Zeynalov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər