19 Yanvar 2017 13:33
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov hədə-qorxu yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Akif Qurbanovun 1 milyon manatını ələ keçirib.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Akif Qurbanov bildirib ki, 2002-ci ildə “AQ İnşaat” MMC, “ABM EV”, “Bərəkət İnşaat” MMC-ləri təssis edib:

“Bakı şəhərində tikinti sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Keçmiş “Terxnikabank” ASC-nin idarə heyətinin sədri Etibar Əliyevlə həmyerli kimi, eyni zamanda işgüzar münasibətlərim olub”.

Akif Qurbanovun sözlərinə görə, MTN-nin istintaq baş idarəsinin sabiq rəisi Mövlam Şıxəliyevlə 1990-cı ildən tanışlığı olub: “Biri-birimizə telefon nömrəmizi vermişik. 2012-ci ili oktyabrın 18-də “Buta Palace” şadlıq evində keçirilən toy mərasimində qonaq kimi iştirak etmişəm. Orada Mövlam Şıxəliyevlə rastlaşmışam. Söhbət zamanı dostum Etibar Əliyev barəsində MTN-də aparılan istintaqla maraqlanmaq istədim. Etibarın ünvanına nalayiq ifadələr işlədən Mövlam Şıxəliyevin cavabını qaytaraq “sənin vəzifənə, şəxsiyyətinə yaraşmır belə sözlər” dedim”.

Akif Qurbanov bildirib ki, bundan sonra, yəni oktyabrın 20-də MTN-nin Rövşən adlı müstəntiqi zəng edib, onu şöbə rəisi Vüsal Ələkbərovun çağırdığını deyib: “Oktyabrın 21-də, saat 15.00-da qardaşım Münasibin ofisində oldum. Orada dostum Məhəmməd Məmmədov məni “Toyota Land Crusier” markalı avtomaşını ilə MTN-ə apardı. Girişdə şəxsiyyət vəsiqəm götürülərək qeydiyyata alındıqdan sonra 4-5-ci mərtəbədə Rövşən adlı müstəntiq məni xidməti otağında qəbul etdi.

2 saat oturduqdan sonra özünü şöbə rəisi kimi təqdim edən Vüsal Ələkbərov məni xidməti otağına apardı. Mənə dedi ki, dövlətə qarşı çıxırsan, Etibar müəllimə görə adam yığmısan, mitinq etmisən. O, apardığım tikinti işlərini saymağa başladı və Etibarla şərik olduğumu bildirdi. Mən isə “Texnikaban”dan kredit götürərək tikinti apardığımı, krediti vaxtında qaytardığımı, digər banklardan da bu formada kredit götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumu izah etdim.

Daha sonra Vüsal Ələkbərov mənə hədə-qorxu gələrək, dedi ki, səni tutacağıq, onda bilərsən dövlətə qarşı çıxmaq nədir. O, sahibi olduğum bütün tikinti şirkətlərinin sənədlərini səhəri gün, saat 15.00-da gətirməyimi tələb etdi. Ona sənədləri yalnız məhkəmə qərarı ilə təqdim edəcəyimi bildirim. Bu zaman Vüsal acığa düşərək axşam saat 20.00-a kimi məni MTN-də saxladı. Bildirdi ki, hələ gözlə, görək, rəhbərlik getməyinə icazə verəcəkmi”.

Akif Qurbanovun sözlərinə görə, Vüsal Ələkbərov çağırış vərəqi verdiyindən, oktyabrın 23-də ailə üzvləri ilə birlikdə Dubaya səfərini təxirə salıb və özünün “Mercedes GL” markalı avtomobili ilə MTN-ə gedib: “Eyni qaydada istintaq idarəsinə qalxdım və Rövşən adlı müstəntiqin otağında əyləşdim. Sonra Vüsal Ələkbərov gələrək məni öz otağına apardı, oradan isə Təhsin Ağayevlə birlikdə Mövlam Şıxəliyevin otağına getdik.

Mövlam Şıxəliyev mənə “istəsəm sənin bütün tikintilərini yoxlayaram, səni həbs edərəm, bilirəm sən necə işləyirsən, nə tikirsən”, deyə bildirdi”.

Akif Qurbanov qeyd edib ki, saat 18.00-a kimi gözləyib: “Axşam məni Təhsin Ağayev qəbul etdi. Bildirdi ki, Mövlam Şıxəliyev nazir Eldar Mahmudovla getdi, ona görə mən qəbul edirəm, 1 milyon manat gətirməyini mənə tapşırdı. Heç bir cinayətim olmadığı halda onlara heç nə verməyəcəyimi bəyan etdim.

Təhsin Ağayev bildirdi ki, zənn et, mən bu sözləri sənə deməmişəm, sənə qadağa qoyulub, Dubaya getmə. Sonra məni MTN-dən buraxdı”.

Zərərçəkmişin sözlərinə görə, Təhsin Ağayevin MTN-nin istintaq baş idarəsinin rəis müavini olmasını sonralar bilib: “Oktyabrın 24-də ailə üzvlərimlə birlikdə Dubaya uçdum. Sonra oğlum Vüqar mənə zəng edərək ölkəyə girişimə MTN tərəfindən “qadağandır” statusunu qoyulduğunu dedi. Vüsal Ələkbərov Dubaya getməyimdən xəbər tutan kimi həmin dövrdə “Zamin Bank”ın Xəzər filialının müdiri işləyən oğlum Teymur Qurbanovu MTN-ə çağırıb və ona hədə-qorxu gəlib ki, atanı çağır gəlsin, yoxsa sizin başınıza oyun açacağıq”.

Akif Qurbanov qeyd edib ki, bundan sonra Vüsal Ələkbərov təqribən 10 gün ərzində Vüqarı MTN-ə çağırıb və axşama kimi saxlayıb: “Oğlumu həbs edəcəkləri ilə hədələyib, təcili olaraq 1 milyon manat onlara çatdırmasını tələb edib. Mən də həbs olunacağımdan qorxduğum üçün 1 ay Dubay şəhərində qaldım, viza vaxtı bitdikdən sonra isə Rusiyada oldum.

Rusiyada olduğum müddətdə Vüsal Ələkbərov hazırda xatırlamadığım Moskva nömrəmə bir neçə dəfə zəng etdi. Bildirdi ki, gəl, özüm səni aeroprtda qarşılayacağam, problem olmayacaq. Mən isə adıma qoyulmuş qadağanın götürülməsini istədim”.

Zərərçəkmişin sözlərinə görə, 2012-ci ilin dekabr ayında Türkiyəyə uçub, bir müddət İstanbul şəhərində qalıb: “Vüsal Ələkbərov özü mənə zəng edərək bildirdi ki, "stop"u götürmüşük, gəl işini həll et. 2013-cü il yanvar ayının əvvəlində Bakıya qayıtdım. Mənə zəng edərək Vüsal Ələkbərovun çağırdığını deyən müstəntiq Rövşənə bildirdim ki, məni narahat etməyin, hələ pulu düzəltmək üçün mənə vaxt lazımdır”.

Akif Qurbanov qeyd edib ki, bundan sonra qardaşı Münasibdən 300.000, kürəkəni Emin Civişovdan 200.000 manat borc alıb: “Oğlum Vüqar tikdirdiyi binadan evlərin satışından əldə etdiyi 200.000 manat verdi. Özümdə olan 300.000 manatı da əlavə edərək 1.000.000 manat məbləğində pul topladım. Yanvar ayının axırlarında Vüsal Ələkbərova zəng edərək pulun hazır olduğunu bildirdim.

Həmin gün saat 21-22 radələrində “Briz-L” klinikasının qarşısında Vüsal Ələkbərovla görüşdüm və 1.000.000 manatı ona verdim. Vüsal pulu götürəndən sonra bildirdi ki, bu məsələni kimsə bilsə, bizdə material hazırdır, səni və oğlanlarını dərhal həbs edəcəyik. Bundan sonra Vüsalla heç bir telefon danışığım olmayıb. Borclarımı qaytarmaq üçün “Yapı Kredi Bank”dan 500.000 manat məbləğində kredit götürdüm. Hazırda banka kedit ödəyirəm. Hədə-qorxulara məruz qaldığımdan səhhətimdə ciddi problemlər yaranıb”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Rövşən Həsənov bildirib ki, 2002-ci ildən ləğv edilmiş MTN-nin baş istintaq idarəsində xidmətdədir. Onun sözlərinə görə, “Texnikabank” ASC-nin müşahidə şurasının sədri Etibar Əliyevin barəsində olan cinayət işində istintaq qrpunun üzvü olub: “Akif Qurbanovun istintaqa dəvət olunmasını xatırlamıram. Akif Qurbanovla Vüsal Ələkbərovun arasında olan danışıqlardan xəbərim olmayıb, həmin söhbətlərdə iştirak etməmişəm”.

Şahid qismində ifadə verən Sahib Ələkbərov bildirib ki, 1993-cü ilin oktyabr ayından MTN-də xidmətə başlayıb: “İstintaq baş idarəsində baş müstəntiq və şöbə rəisinin müavini vəzifələrində xidmət etmişəm. 2014-cü ilin sentyabrın 16-da yaş həddi ilə bağlı ehtiyata buraxılmışam. “Briz-L” göz klinikasının sahibi Akif Qurbanov uzaq qohumumdur. Onunla yaxşı münasibətim var. Aramızda düşmənçilik və yaxud narazılıq olmayıb. Akif Qurbanovun övladları Vüqar və Teymuru şəxsən tanımıram. Teymuru qəbul etməmişəm və onunla istintaq hərəkətləri aparmamışam.

Qəbul olan iş materiallarında olan məlumatı Vüsal Ələkbərovla eyni soyada malik olmama görə texniki xəta hesab edirəm. Etibar Əliyevin və digərlərinin barəsində cinayət işi Vüsal Ələkbərovun rəhbərliyi ilə istintaq edilib. İstintaq qrupunun üzvü olsam da, aktiv istintaq hərəkətlərində iştirak etməmişəm. Həmin cinayət işi üzrə Vüsal Ələkbərov tərəfindən Akif Qurbanov və övladlarından pul istənilməsi və alınması barədə hər hansı bir məlumatım olmayıb. Bu barədə Akif mənə heç nə deməyib”.

Şahid qismində ifadə verən Mövlam Şıxəliyev bildirib ki, Akif Qurbanovu qəbul etməsini, onun “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na “Saxla” statusu ilə daxil edilib-edilməməsini dəqiq xatırlamır: “Akif Qurbanovla Vüsal Ələkbərov arasında nə kimi söhbət olmasıdan xəbərsizəm”.

Özünü müdafiə xarakterli ifadə verən təqsirləndirilən Vüsal Ələkbərov bildirib ki, Etibar Əliyev və digərlərinin cinayət işi üzrə Akif Qurbanov istintaq qrupunun üzvü Rövşən Həsənov tərəfindən MTN-ə dəvət edilib: “İstintaq qrupunun rəhbəri kimi onu qəbul etmişəm, ümumi söhbət aparmışam. Akif Qurbanov hansısa deputat qudasının MTN rəhbəri Eldar Mahmudova zəng edirərək tapşırdacağını, Mövlam Şıxəliyevi tanıdığını, onunla yaxın münasibəti olduğunu, onun qəbuluna düşmək istədiyini bildirib. Bu barədə rəis müavini Təhsin Ağayevə məruzə etdim.

Onun Akif Qurbanovu Mövlam Şıxəliyevin qəbuluna aparıb-aparmamasından məlumatım olmayıb. Akif Qurbanov iş üzrə şahid qismində dindirilib, lakin onun konkret hansı faktlarla dindirilməsi barədə məlumatım olmayıb. Akif Qurbanova tutulacağı ilə bağlı hədə-qorxu gəlməmişəm, hansısa sənəd tələb etməmişəm, onu MTN-də saxlatmamışam, ölkəyə çıxışına və ya girişinə qadağa qoymamışam. Həmçinin onun oğlu Vüqarı çağırmamışam, saxlatmamışam”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər