27 Yanvar 2017 17:01
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində nəvəsini qətlə yetirməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, Rakif Bayramov 15 il cəza alıb.

İttihama görə, ötən il fevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.

Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdiyini etiraf edib. İstintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini deyib. O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov qəddarlıq edib: “Əsəblərimi cilovlaya bilmədim. Onu boğub öldürdüm”.

Hadisədən sonra Rakif Bayramov nəvəsinin meyidini ədyala bükərək, çarpayının altında gizlədib. Rakif Bayramov daha sonra yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit bir neçə gün orda qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar.

Ağdama gedərək maşınını götürən baba nəvəsinin meyidinin dalınca Bakıya qayıdıb: “Meyidi qoydum maşına, getdim rayona. Yolda zəng vurdum ki, Turalı öldürüblər, dəfn etməyə gətirirəm”.

Dindirmə zamanı Rakif Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib.

Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu, Tural Bayramovun doğma bacısına sataşdığı üçün babası tərəfindən qətlə yetirildiyi barədə məlumat yayılmışdı. Mərhumun nənəsi Güllü Bayramovanın sözlərinə görə, hadisənin namusla heç bir əlaqəsi yoxdur: “Kişi ilə dalaşıb. Deyib ki, sən qeyrətsizsən. O da dözməyib, bu hadisəni törədib”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər