Bu gün hərbi hakim Elbəyi Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçmış Rəhim Kərimovun cinayət işi üzrə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhu Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkili Aydın Ağayev Rəhim Kərimovun himayəsində azyaşlı uşağın olduğu barədə məhkəməyə sənəd təqdim edib.
Hakim sənədi cinayət işinin materiallarına əlavə edib.
Rəhim Kərimovun digər vəkili Orxan Heydərov videogörüntülərin araşdırılması üçün təkrar ekspertiza keçirilməsi haqqında vəsatət verib. O, ekspert rəylərinin sübutlar siyahısından çıxarılmasını istəyib. Vəsatət təmin olunmayıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses fevralın 7-də davam edəcək.
Rəhim Kərimov Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir.
İttihama görə, hadisə ötən il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də dünyasını dəyişib.
Tərtər Hərbi Məhkəməsinin hakimi olmuş Elbəyi Allahverdiyevin oğlu, 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş.Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub.
Elbəyi Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim işləyib, sonradan Tərtər Hərbi Məhkəməsinə hakim təyin olunub. Bu qəzadan sonra Elbəyi Allahverdiyev Bakı Hərbi Məhkəməsinə təyinat alıb.
Elbəyi Allahverdiyev hazırda MTN generalı Akif Çovdarovun və dəstəsinin cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.
Hacı Zeynalov