Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Günün ikinci yarısında davam edən prosesdə zərərçəkmiş şəxs qismində tanınmış Zaur İbrahimov ifadə verib. O, bildirib ki, 2003-cü ildə qardaşı Elnur İbrahimovun adına “Baktel” MMC-ni yaradıb: “MMC-nin fəaliyyəti Bakı şəhərində və Respublikanın digər regionlarında “Azercell Telekom” MMC-nin danışıq kartlarının topdan satışı ilə məşğul olmaqdan ibarət olub. “Baktel” MMC-nin 2009-cu ildə 2 ofisi olub, onlardan biri Bakı şəhəri Neftçilər prospektində yerləşən Bakı Beynəlxalq Dəniz vağzalının binasının sağ hissəsinin 2-ci mərtəbəsində, digəri isə Bakı şəhəri Səbail rayonu köhnə Xalça muzeyinin arxasındakı 2 mərtəbəli tikilidə yerləşib. Sahib olduğum MMC-nin aylıq dövriyyəsi 2.000.000-5.000.000 manat təşkil edib”.
Zərərçəkmişin sözlərinə görə, 2006-cı ilin əvvəllərindən 2006-cı ilin ortalarına kimi MMC-nin direktoru Sənan Bağırov olub: “2006-cı ilin ortalarında “Azercell Telekom” MMC-yə təsisçi olduğum MMC-nin 3.200.000 manat qalıq borcu olduğunu gördüm və audit təşkil etdim. Sənan Bağırovun MMC-dən 3.200.000 manat pulu mənimsədiyi müəyyən edildi. Audit aktını hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə göndərdim. Həmin idarədə istintaq yekunlaşaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi məhkəməyə göndərilib, məhkəmənin hökmü ilə Sənan Bağırov 7 il müddətinə şərti cəza alıb”.
Zaur İbrahimov qeyd edib ki, 2009-cu ilədək “Baktel” MMC normal fəaliyyət göstərib, 2009-cu ilin təxminən sentyabr ayında saat 14:30 radələrində ofisdən ona saat 14 radələrində bir qrup şəxsin özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edərək MMC-nin ofislərinə basqın edib: “Həmin vaxt ofisdə olmadığım üçün direktor Ruslan Qarayev Milli Təhlükəsizlik Nazirliyinə aparılıb, həmin gün saat təxminən 20 radələrində oradan buraxıb. Ruslan Qarayev hazırda xatırlamadığı mobil nömrə ilə ona zəng edərək görüşməli olduqlarını bildirdi. Həmin gün axşam Ruslan Qarayevlə Bakıxanov qəsəbəsindəki Fidan restoranının içində görüşdük. O, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının onu nazirliyin əməkdaşı Akif Çovdarovun yanına apardıqlarını, Akif Çovdarovun “Baktel” MMC-nin “Aytel MMC”yə 550.000 ABŞ dolları borcu olduğunu dediyini, MMC-nin fəaliyyəti ilə bağlı sorğu-sual edildiyini bildirdi. Ruslan Qarayev görüş zamanı məni MMC-nin Bakı Dəniz vağzalının binasındakı və köhnə xalça muzeyinin arxasındakı ofislərinə basqın edildiyini bildirdi”.
Zərərçəkmiş Akif Çovdarovla görüşməsindən, ondan 525 min dollar almasından danışıb. Akif Çovdarov isə onun dediklərini təkzib edib.
Akif Çovdarov bildirib ki, həmin şəxsi tanıyır və bir tanışının xahişi ilə onu qəbul edib: “Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar prpblemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə pulunu al”.
Daha sonra prosesdə Akif Çovdarovun vəkilləri çıxış edib. Onlar Akif Çovdarovun holter aparatından keçirilməsini istəyiblər.
Vəkillər bildiriblər ki, işemiya və ritm xəstəliklərini həmin aparat müəyyən edir.
Vəkillərin sözlərinə görə, müvəkkilləri holter apartından keçmədiyi üçün həkimlər ona müalicə yaza bilmirlər, çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil. Məhkəmə vəsatəti təmin etməyib.
Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil.
Proses fevralın 8-də davam edəcək.
Hacı Zeynalov