Daxili işlər orqanlarının əməkdaşları insanların dələduzluq yolu ilə aldadılmasının qarşısını alamq istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçiriblər.
Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri tanımadığı şəxslərin onun etimadını qazanaraq 20 min ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40 min dollara çevirəcəkləri adı ilə pulunu ələ keçirdiklərini bildirib.
İdarə əməkdaşlarının xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo, Nigeriya vətəndaşları – Onuegbu Rovland, Empume Charles və Okenchi Kingsleydən ibarət dəstə zərərsizləşdirilib.
Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.
Onların üzərlərinə və müvəqqəti yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkarlanaraq götürülüb. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində müvafiq araşdırmalar davam etdirilir.
Hacı Zeynalov