Azərbaycan Respublikasında davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə əsaslanan inkişaf prosesini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev ötən ilin dekabr ayının 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb.
Strateji Yol Xəritəsində milli baxışa uyğun olaraq, prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Strateji Yol Xəritəsi”ndən irəli gələn vəzifə və funksiyaları keyfiyyətlə yerinə yetirmək məqsədilə Səhmdar Cəmiyyətin idarə aparatında, eyni zamanda, tabe müəssisələrində kadr potensialının gücləndirilməsi və ehtiyat kadr bazasının yaradılması üzrə proses həyata keçirilir.
Belə ki, son illərdə reallaşdırılmış məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi sistemində yeni texnologiyalar və beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq nəzəri biliklər və yüksək peşə hazırlığı tələb edir.
Hazırda “Azərenerji” ASC ixtisası və bilik səviyyəsi ölkə enerji sisteminin müasir texnologiyaların tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.
Vakansiyalarla “Azərenerji” ASC-nin yeni tərtib edilmiş rəsmi saytında tanış olmaq mümkündür.
İlhamə ƏBÜLFƏT