Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirli bilinən Rəhim Kərimovun barəsində olan hökmdən apelyasiya şikayəti verilib.
Bu barədə Teleqraf.com-a Rəhim Kərimovun vəkili Orxan Əhmədov bildirib.
Vəkil qeyd edib ki, apelyasiya şikayətini Bakı Ağır Apelyasiya Məhkəməsinə təqdim təqdim edib.
Onun sözlərinə görə, müvəkkili barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyib. Vəkil bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə bəraət hökmü çıxarılmasını tələb edib: “Onun əməlini Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsüv etməklə, həmin maddənin cəzanı yüngülləşdirən hallar nəzərə alaraq, ən aşağı həddə cəza təyin etməklə cəzaçəkmə rejiminin məntəqə tipli cəzaçəkmə müəssisəsi nin müəyyən edilməsini istəyirik".
Vəkil bildirib ki, apelyasiya şikayətində mülki iddia əsassız olduğundan onun rədd i barədə qərar qəbul edilməsini tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin o, 5 il sürücülük hüququndan məhrum olunub.
Hadisə ötən il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də dünyasını dəyişib.
Tərtər Hərbi Məhkəməsinin hakimi olmuş Elbəyi Allahverdiyevin oğlu, 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş.Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub. Elbəyi Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim işləyib, sonradan Tərtər Hərbi Məhkəməsinə hakim təyin olunub.
Bu qəzadan sonra Elbəyi Allahverdiyev Bakı Hərbi Məhkəməsinə təyinat alıb. Elbəyi Allahverdiyev hazırda MTN generalı Akif Çovdarovun və dəstəsinin cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.
Hacı Zeynalov