16 Mart 2017 16:51
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə ilkin baxış dinləməsi olub.

Prosesdə Maşallah Əhmədovun apelyasiya şikayətinin dəlilləri və anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 28-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə Maşallah Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Maşallah Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən "Neftçi" klubunda oynayıb. 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib.

2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər