28 Mart 2017 18:24
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natavan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Zəminə Əliyeva ifadə verib.

Onun sözlərinə görə, qətl hadisəsi baş verən günü Samir keçmiş həyat yoldaşı ilə birgə nikahdan olan övladlarını evə gətirib: “Onlar əvvəl çöldə bir yerdə oynayırdılar, mən balaca oğlumla evdə idim. Sonra uşaqların hamısı bir yerdə oynadı. Saat 11:00 radələrində o, uşaqlarla birgə evə qayıtdı. Samir və uşaqlar birgə şahmat oynayan zaman ev ona isti olduğu üçün həyat yoldaşım kondisioneri yandırmaq istədi.

Mən buna etiraz etdim, çünki kiçik oğlum xəstə idi. Samir çölə çıxıb, maşında oturub, kondisioneri yandıracağını dedi. Biz birinci mərtəbədə qalırıq və o, həmişə maşını həyətdə pəncərənin yanıda saxlayırdı. Mən də uşaqlarla evdə qalıb oynadım.

Amma tez-tez pəncərədən baxanda Samiri maşında oturub, telefonda oyun oynadığını görürdüm Hətta o, tez-tez evə girib-çıxırdı”.

Zəminə Əliyeva ərinə qarşı ittiham aktında yazılanlarla razı olmadığını deyib. O, bildirib ki, istintaq zamanı verdiyi ifadəsinin dəyişdirilib: “İttiham aktında göstərilib ki, guya mən onu görməmişəm. Lakin həmin zaman Samir bir nəfər şəxslə söhbət etdiyini qeyd etmişəm”.

Proses aprelin 4-də davam edəcək.

2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

Samir Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər