27 Aprel 2017 19:58
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləmiş Malik Mustafayevin intihar etməsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Teleqraf.com-un araşdırmasına görə, Malik Mustafayev nümunəvi xidmətlərinə görə, dəfələrlə həvəsləndirmə qaydasında mükafatlandırılıb, dövlət təltiflərinə layiq görülüb.

Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb. O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib.

Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.

Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkter cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib.

Elçin Quliyev eyni zamanda rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də anterorr mərkəzinə çağıtdırıb.

Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini deyib.

General Malik və Mətləb Mustafayevlərin barələrində cinayət işi başladacağını, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.

Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar.

Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər.

Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb heç kimə böhtan atmayacağını deyib.

Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Quliyev bildirib ki, Malik Mustafayev MTN-nin Yevlax rayon şöbəsinin rəisi olan vaxtlardan, onun qardaşı Mətləb Mustafayevi isə həbs olunandan sonra tanıyıb: “Malik Mustafayevin sonuncu xidməti vəzifəsi MTN-nin Situasiya Mərkəzinin rəis müavini olub. Dəqiq tarixi xatırlamadığım vaxt bir dəfə Mətləb Mustafayevlə söhbət etmişəm. Qardaşının MTN-də hörmətli şəxs olmasını deyərək, mənzilində aşkar olunmuş silahla bağlı məlumat əldə etməyə çalışdım. Bildiyimə görə, Malik Mustafayev də Mətləbdə bu barədə söhbət etsə də, o, silahı haradan alması barədə məlumat verməyib. Mətləb Mustafayevlə söhbətimiz zamanı vəkil iştirak etməyib”.

Elçin Quliyevin sözlərinə görə, Mətləb Mustafayevdə silah olması, onun İranda yaşayan Rza, Hüseyn adlı şəxslər və qeyriləri əlaqəsi olması barədə 10 sentyabr 2014-cü ildə MTN-nin istintaq idarəsinə məktubla məlumat verib: “Təxminən bir həftədən sonra yenidən əməliyyat məlumatı əsasında Mətləb Mustafayevin qohumlarında silah olması barədə istintaq idarəsinə məlumat vermişəm. Lakin Mətləb Mustafayevin qohumlarının evindəki axtarışlar zamanı silah aşkar olunmayıb. Mətləb Mustafayevin mənzilində axtarış zamanı İlqar Əliyevə əməkdaşlarımızin oradan iştirak etməsini təmin etmişəm. Mətləb Mustafayev isə MTN-nin istintaq təcridxanasında saxlanılan zaman ola bilərdi ki, antiterror mərkəzinin əməkdaşları ilə söhbət etsin. Mətləb Mustafayevlə əsas işi tapşırığım əsasında İlqar Əliyev qurub. Mərkəz əməkdaşları da ola bilərdi ki, Mətləb Mustafayevlə mənzilində aşkar edilmiş silahla bağlı, yəni silahı haradan əldə etməsi ilə bağlı söhbətlər aparıblar”.

Elçin Quliyev ifadəsində Malik və Mətləb Mustafayev qardaşlarını qəbul etməsini, onların görüşməsini inkar etməyib. O, bildirib ki, qəbulda onlarla ünsiyyətin mövzusunu dəqiq xatırlamır: “Mətləb Mustafayevlə həbs ediləndən sonra onunla görüşmüşəm, silahın haradan əldə etməsi ilə bağlı söhbətimiz olub. Mətləb Mustafayevdən evində aşkar olunmuş silahın haradan əldə etməsi ilə maraqlandım. Həmin söhbət zamanı onunla istintaqla bağlı deyil, əməliyyatla bağlı söhbət etdiyim üçün vəkilinin iştirakını təmin etməmişəm”.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər