2 May 2017 15:15
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.

Fuad Əhmədli özünü təqsirli bilməyib. Onun vəkili Əsabəli Mustafayev məhkəmə proseslərinin audi-video çəkilişlə aparılması barədə vəsatət verib. Daha sonra vəkil bildirib ki, "Azərfon" MMC-nin icraçı direktoru Ken Maklen 15 avqust 2016-cı il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə məktubla müraciət edib: "Həmin məktubun göndərilmə tarixi qeyd edilmiş jurnalın tələb edilməsini istəyirik.

Bundan başqa, məktubda bildirilib ki, Fuad Əhmədlinin istifadəsindəki telefona heç bir məhkəmə qərarı olmadan müdaxilə edilib. Həmin telefondan götürlən mötəbər sübut sayıla bilməz. Buna görə də məktub sübutlar siyahısından çıxarılsın".

Vəkil həmçinin Ken Maklenin məhkəməyə əlavə şahid qismində çağırılmasını istəyib.

Məhkəmə prosesin çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, mötəbər olmayan sənədlərin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin çağırılması barədə vəsatəti isə baxılmamış saxlayıb.

Daha sonra zərərçəkmiş şəxs qismində ifadə verən Məhəmməd Quliyev bildirib ki, təqsirləndirilən Fuad Əhmədlini yox, onun əmisi oğlu Əliağanı tanıyıb: "Əliağanın dostu Elşənin restoranında aşpaz işləmişəm. Həmin vaxt mənim maaşla bağlı problemim yaranmışdı, buna görə işdən çıxaraq Qəbələ rayonuna getmişdim. Əliağanın əmisi oğlu vasitəsi ilə yerimi müəyyən edə bildiyini eşitdim. Axtarışa verilməyimdın çox pis olmuşdum. Buna görə sıxıntı keçirmişdim".

Zərərçəkmiş ifadəsində həmçinin təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını deyib.

Fuad Əhmədli bildirib ki, Məhəmməd Quliyevlə bağlı əmisi oğluna dəqiq məlumat verməyib: "Əmim oğlu mənə mesaj yazdı ki, bu şəxsin yerini ona deyim. Əliağanın əl çəkməyəcəyini bildiyim üçün heç bir araşdırma aparmadan ona mesaj yazdım ki, ya uzaq yerdədi, ya da ölkədən kənardadı. Zərərçəkmişin həmin vaxt Qəbələnin Vəndam qəsəbəsində olması bir daha sübut edir ki, ona yalan məlumat vermişəm.

Biri var sarsıntı, biri də var təəccüb. Məni məhəlləmizdən oğurlayanda sarsıntı keçirdim. Bir də var təəccüb. Mən qəzetlərdə oxuyanda ki, guya evimdən Fətullah Gülənin portreti, kitabları, az qala özü tapılıb, buna təəccübləndim".

Digər zərərçəkmiş Samir Xəlilov bildirib ki, təsadüfən bir nömrəyə zəng edib: "Səhv düşdüyüm üçün üzr istədim, telefonu söndürdüm. Bundan sonra axtarışa verildiyimi eşitdim. Təqsirləndirilən şəxs mənim şəxsi işimlə bağlı məlumatları həmin qızın nişanlısına verib".

Samir Xəlilov da təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. Proses mayın 11-də davam edəcək.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər