Teleqraf.com zərərçəkmiş Rauf Sultanovun ibtidai istintaqa verdiyi ifadəsini əldə edib.
Rauf Sultanov ibtidai istintaqa ifadəsində göstərib ki, 2009-cu ildən 2014-cü ilin dekabr ayınadək Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətində Qaradağ, Xəzər, Nəsimi rayon şöbələrinin rəisi, Xəzər rayon şöbəsinin rəis müavini vəzifələrində işləyib: “2014-cü ilin dekabr ayından etibarən işləmirəm. 2011-ci ilin yay aylarında Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində işlədiyim vaxt daim həmin şöbədə etibarnamə əsasında müxtəlif şəxslər üçün sənədləşmə işləri ilə məşğul olan Kamil Şükürov şöbə rəisi Sabit Məmmədovun xidməti otağından çıxaraq otağıma gəldi.
O, xidməti otağımdakı stolun üzərinə müəyyən məbləğdə pul qoydu. Kamil pulu stolumun üstünə qoyan kimi otağa özlərini MTN əməkdaşları kimi təqdim edən 4-5 nəfər mülki geyimli şəxs daxil oldu. Onlar videokamera vasitəsi ilə çəkiliş aparmağa başladılar. Kamilin stolumun üstünə hansı məbləğdə və hansı məqsədlə pul qoymasını bilməmişəm”.
Zərərçəkmiş bildirib ki, Kamilin oraya 3000 manat pul qoymasını sonradan bilib: “MTN əməkdaşları mənə rüşvət aldığımı söylədilər. Məni Kamil Şükürovla birlikdə avtomobillə MTN-ə apardılar. Orada sonradan internetdə şəklini gördüyüm, adının İlqar Əliyev olduğunu bildiyim şəxsin otağına aparıdılar. Orada İlqar Sabit Məmmədovun Kamil Şükürovdan rüşvət istəməsi barədə izahat yazmağımı tələb etdi.
Mən həmin tələblə razılaşmadım. İzahat yazmayacağım təqdirdə həbs ediləcəyimlə hədələdilər”.
Rauf Sultanov qeyd edib ki, sonra İlqar Əliyev otaqdan bir neçə dəqiqəlik çıxıb və baş idarə rəisi ilə görüşüb: “Bu görüşdən sonra İlqar Əliyev bizi yenidən qəbul etdi və getməli olduğumuzu bildirdi. Azad olmağım üçün MTN əməkdaşlarına hər hansı məbləğdə pul verməmişəm. Sabit Məmmədovun da pul verməsi barədə məlumatının olmayıb”
Rauf Sultanov barəsində qanunsuz əməliyyat-axtarış tədbiri həyata keçirib, onun ləğv edilmiş MTN-nin inzibati binasına aparılması epizodu üzrə ifadə verən Elçin Quliyev deyib ki, bu hadisəni və zərərçəkmiş şəxsi xatırlamır.
Bu epizod üzrə şahid kimi ifadə verən Fuad Fətəliyev bildirib ki, 2008-ci ildən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib, 2013-cü ildən Antiterror Mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində, hazırda Dövlət Təhlükəsizlik Xidmətində işləyir.
Fuad Fətəliyev qeyd edib ki, təxminən 2011-ci ildə Kamil Şükürovla növbəti dəfə görüşüb: “Kamil Şükürov Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon idarəsinin rəisi və müavininin hazırda xatırlamadığım hansısa işi pulla görməli olduğunu bildirdi. Bu məlumatı İlqar Əliyevə məruzə etdikdə o da bu barədə Elçin Quliyevi məlumatlandırıldı. Sonra Əmlak Komitəsinin Xəzər rayon idarəsinin rəisi və rəis müavininin əməllərini sübut etmək üçün tədbir təşkil etdik. Tədbir zamanı video-çəkiliş aparmaq üçün İlqar Əliyev mütəxəssis dəvət etdi. Tədbir zamanı 4-5 nəfər MTN əməkdaşları iştirak edirdi. Konkret olaraq kimin iştirak edəcəyini İlqar Əliyev müəyyən etmişdi.
Mən sıravi işçi kim bilavasitə baş idarə rəisi Elçin Quliyevlə çox ünsiyyətdə olmamışam, əsasən işlərini İlqar Əliyevə məruzə etmişəm. Amma bəzi məsələlər yalnız baş idarə rəisinin razılığı əsasında həyata keçirilib”.
Şahidin ifadəsinə görə, hər hansı vətəndaşın və ya vəzifəli şəxsin MTN-ə dəvət edilməsi, buraxılması, əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün hökmən İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə edib: "Elçin Quliyev də öz növbəsində bu əməliyyatı sabiq nazir Eldar Mahmudovla razılaşdırıb. Qeyd etdiyim tədbirdə məndən başqa Antiterror Mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Rafiq Abdullayev, Antiterror Mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin əməliyyat müvəkkili Fuad Beydullayev də iştirak edib.Tədbir zamanı əvvəlcədən razılaşdırılmış qaydada Kamil Şükürov Əmlak Məsələləri Dövlət Komitəsinin Xəzər rayon idarəsinin rəis müavininin xidməti otağında rəis müavini Rauf Sultanova pul verib, biz də dərhal içəri daxil olub, video-çəkiliş vasitəsi ilə Kamil Şükürovun rüşvət kimi verdiyi pul vəsaitlərini qeydiyyata almışıq".
Fuad Fətəliyevin sözlərinə görə, daha sonra izahatının alınması üçün Rauf Sultanov və həmin qurumun rəisi Sabit Məmmədov MTN-nin inzibati binasına aparıblar: "MTN-nin inzibati binasında onları birbaşa İlqar Əliyevin xidməti otağına apardıq. Daha sonra öz xidməti otağımda İlqar Əliyevin hansı göstəriş verəcəyini gözləməyə başlamışam. Bir qədər sonra İlqar Əliyev mənə zəng vurdu və onları MTN-in inzibati binasından bayıra yola salmağımı, rəhbəliyin göstərişinə əsasən onları buraxmalı olduğumuzu bildirdi.
İlqar Əliyev həmçinin Rauf Sultanov və Sabit Məmmədov üçün rəhbərlik səviyyəsində xahiş olunduğunu da dedi. Mən də İlqar Əliyevin tapşırığına əsasən Rauf Sultanov və Sabit Məmmədovu MTN-nin inzibati binasından yol saldım".
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Hacı Zeynalov