17 May 2017 17:42
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahid qismində Elyar Abdullayev ifadə verib.

O bildirib ki, zərərçəkmiş Vidadi Əzizovla 1993-cü ildən dostluq edir:

"Vidadinin MTN tərəfindən saxlanmasından xəbərim olmayıb. Həmin vaxt işimlə əlaqədar Bakı şəhərindən kənarda idim. 2012-ci ildən Vidadi ilə bir yerdə restoranda işləmişəm. Restoran Vidadinin idi, mən administrator idim. Həmin ərəfədə Vidadiyə tez-tez zəng gəlirdi, hər dəfə danışandan sonra əsəbiləşirdi. Ondan zəng edənin kimliyini soruşdum. Bildirdi ki, MTN-dən polkovnikdir".

Elyar Abdullayev ifadəsində xarici ölkələrlə biznesi əlaqəsi olduğunu, Rusiyadan, Qazaxıstandan Azərbaycana gübrə gətirdiyini bildirib. Onun sözlərinə görə, 2012-ci ilin yayından Vidadi ilə bir yerdə işləyiblər:

"Vidadiyə Mirəziz Əsgərovdan üç dəfə zəng gəlməsinə şahid olmuşam. Hər dəfə tələb edirdi ki, işlə, bizə də gətir. Bunu mənə Vidadi telefonda danışandan sonra deyirdi. Vidadinin dediyinə görə, ondan 100 min manat istəyirdilər. Ancaq Vidadinin pul verməsinin şahidi olmamışam. Onu bilmişəm ki, Mirəziz Vidadiyə dəfələrlə zəng vurub. Biz Goranboy rayonunda fermada olduğumuz zaman da Mirəziz Əsgərovdan Vidadiyə zəng gəlib".

Şahid həmçinin qeyd edib ki, Vidadi Əzizov yük daşıma işi ilə də məşğul olub: “Amma həmin yüklərin nədən ibarət olduğunu bilməmişəm”.

Şahidin ifadəsinə arayış verən Mirəziz Əsgərov bildirib ki, Vidadi Əzizovla 5 dəfə telefon danışığı istintaqla müəyyən edilib: “Həmin zənglərdən 4-nü Vidadi mənə, bir dəfə mən ona zəng vurmuşam. Şahidsə deyir ki, guya mən Vidadiyə dəfələrlə zəng eləmişəm. Yalan danışmamaq üçün iltizama imza edib, məsuliyyət daşıyır”.

Hakim bildirib ki, şahidlərin məhkəmədə verdikləri ifadələrə yekunda qiymət veriləcək. Sonra Mirəziz Əsgərov bildirib ki, məhkəmədə Vidadi Əzizovun yaxınları ziddiyyətli ifadələr verirlər:

“Vidadi Əzizovun ətrafında əks-kəşfiyyat kompleks əməliyyat-axtarış tədbirləri keçirilib. Bütün əməliyyatlar sənədləşdirilib. İndi burada ziddiyyətli ifadələr verirlər. Məntiqə, ardıcıllığa uyğun olmayan ifadələrlə hər hansı şəxsi ittiham etmək olmaz”.

Daha sonra şahid qismində ifadə verən Ziyad Rzayev bildirib ki, Vidadi Əzizovun xalası qızının həyat yoldaşıdır. Goranboy rayonunda yataq alıb və ferma salıb: “Həmin fermanın salınması üçün vəsaitin bir hissəsini Vidadi verdi. Sonra Vidadi qoyun da aldı, ferma işə başladı.

2012-ci ildə Vidadiyə MTN-dən zəng gəldi. Həmin zənglərlə bağlı maraqlandım. Vidadi dedi ki, pul istəyirlər. Mən də məsləhət gördüm ki, pul ver, canını qurtar. Sonra Vidadi fermada olan qoyun-quzunu satdı. Həmin zaman qızımın xəstəliyi ilə bağlı Bakıda olmuşam”.

Suallara cavabda Ziyad Rzayev qeyd edib ki, o, Mirəziz Əsgərovdan şikayət etməyib. Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov bildirib ki, bu şahidin ərizəsi əsasında müdafiə etdiyi şəxsin həbs müddəti 4 dəfə artırılıb: “Hər dəfə də qərarda qeyd olunub ki, Ziyad Rzayev şikayətçidir, onun bu işdə ərizəsi var. İndi isə ifadəsində deyir ki, fermada olan heyvanlar satılan zaman orada olmayıb”.

Şahid bildirib ki, fermada qoyunların satılması üçün özü razılıq verib və bundan sonra Vidadi Əzizov qoyunları satıb.

Digər şahid Tərlan Abdullayev bildirib ki, 1990-91-ci illərdə Vidadi Əzizovla hərbi xidmət keçib. Onun sözlərinə görə, Vidadi ev almaq istəyib, bu barədə söhbətləşiblər:

“Vidadi Montində məndən ev aldı. Beh qoysa da, sonradan maliyyə problemi ilə bağlı pulun hamısını çatdırıb verə bilmədi”.

Tərlan Abdullayev qeyd edib ki, Vidadi Əzizov bazara sahib olduğu və kömək üçün şərik axtardığını deyib:

“Mən də taxta alveri ilə məşğul olan Nəsimi Cavadovla Vidadini tanış etdim. Bundan sonra onların arasında taxta alış-verişi olub”.

Şahidin sözlərinə görə, 2012-ci ildə Vidadiyə xaricdən 1 milyon manata yaxın pul gəlməli idi: “Amma həmin pulu gətirə bilmirdi. Sonradan pulu gətirilməsini təşkil etdi. Həmin pulu götürəndə banka mən də getməli idim. Amma işimlə bağlı gedə bilmədim. Sonradan eşitdim ki, pulu götürəndə MTN əməkdaşları tərəfindən saxlanılıb. Vidadi MTN-dən çıxandan sonra evin pulunu mənə verdi”.

Şahid qismində ifadə verən Nəsimi Cavadov bildirib ki, 2011-ci ilin noyabr ayında Vidadi Əzizovla onu Tərlan Abdullayev tanış edib. Şərikli taxta-şalban biznesi ilə məşğul olduqlarını deyən Nəsimi Cavadov əlavə edib ki, Vidadinin xaricdə 1 milyon manata yaxın pulu olduğunu, həmin pulu gətirə bimədiyini bilib: “Vidadi deyirdi ki, həmin pulu bank yolu ilə gətirmək mümkün deyil. O, pulu Azərbaycana bankdan kənar gətirmək istəyirdi. Pulu Azərbaycana gətirməyə Namiq adlı adam olduğunu dedim, onları tanış etdim.

Xaricdə pul hazır olandan sonra Vidadi məlumat verdi. Mən də Namiqə dedim. Pulu Namiq Bakıya gətizdirdi. Sonra Miri adlı bank işçisini vasitəsi ilə pulları bankda yoxlatdıq. Pulun 360 min manatını bankda saxladıq. Qalan pulu Vidadi ilə birlikdə götürərək çıxdıq. Bu zaman MTN əməkdaşları bizi saxladı. MTN-də 5-6 saat saxladılar. Bizə qarşı hər hansı təzyiq olmayıb”.

Vidadi Əzizov pulların Azərbaycana qeyri-rəsmi yollarla keçirilməsinə aydınlıq gətirib. O bildirib ki, bank vasitəsi ilə həmin məbləğdə pulun ölkəyə gətirilməsi mümkün deyildi: “Bir milyon manat öz pulum idi. Həmin pulu hissə-hissə gətirə bilməzdim. Çünki pul mənə bir dəfəyə verildirdi”.

Zərərçəkmişin sözlərinə görə, qalan pullarını Azərbaycana gətirə bilməyib: “Dubaydan gələn pullar Türkiyə üzərindən Mustafa Küyün vasitəsi ilə Rusiyaya keçirildi”.

Bu məsələyə Mirəziz Əzgərov belə izahat verib: “Bu pulları Vidadi Əzizov sahibkarlıq fəaliyyəti ilə əldə etməyib. Əgər sahibkarlıqla məşğul olubsa, vergi ödəməli idi. Həmin vergi sənədləri tələb olunsun. Bu pullar qeyri-qanuni qazanılıb.

Həmin dövrdə İrana qarşı beynəlxalq sanksiyalar var idi. İrandan pullar çıxarmaq mümkün deyildi. Buna görə də pullar əvvəlcə Dubaya, sonra isə başqa ölkəyə keçirilib. Bu pullar xarici xüsusi xidmət orqanlarının olub”.

Daha sonra hakim bildirib ki, iş üzrə dəvət olunan şahidlər MTN-in əməkdaşları olub. Həmin şahidlərin məxfi işlərlə bağlı ifadə verəcəyini deyən hakim prosesin bu hissəsini qapalı keçirilməsini təklif edib.

Bundan sonra proses qapalı keçirilib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər