Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Qazax rayon sakini, 1979-cu il təvəllüdlü Samir Hüseynovun məhkəməsi başa çatıb. İttihama görə, Samir Hüseynov etibardan sui-istifadə yolu ilə vətəndaşlara ziyan vurub.
O, əmisi Nazir Məmmədovun vasitəsilə tanış olduğu Qazax rayonunun 1-ci Şıxlı kənd sakini Fazil Mehdiyevi aldadıb. Samir Hüseynov Fazilə Bakı şəhərində yaxşı əlaqələri olduğuna, onun qəbul imtahanlarında müsabiqədən keçməyən oğlu İsrafil Mehdiyevi boş qalan yerlərə yerləşdirəcəyinə inandırıb.
Samir Hüseynov Fazilin oğlunun 8000 manat pul müqabilində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini vəd edib. 2011-ci il sentyabrın 9-da Nazir Məmmədovun Qazax rayonunun Canallı kəndində olan evində Fazil Mehdiyevdən oğlu İsrafil Mehdiyevi instituta qəbul etdirmək vədi ilə aldadaraq 8000 manat pul alıb.
Samir Hüseynov İsrafil Mehdiyevin attestatını, şəxsiyyət vəsiqəsini və şifrə nomrəsini alıb. Onun sənədlərini Sumqayıt şəhərindəki evində saxlayıb. Amma heç bir yerə təqdim etməyib. Beləliklə, Samir Hüseynov İsrafil Mehdiyevin ali məktəbə qəbulu ilə bağlı hər hansı bir iş görməyib.
Fazil Mehdiyev oğlunun ali məktəbə qəbul edilmədiyini gördükdə Samir Hüseynov tərəfindən aldadıldığını başa düşüb. O, dəfələrlə pulunu almaq üçün Samir Hüseynovla əlaqə saxlayıb. Amma Samir müxtəlif bəhanələr gətirərək pulu qaytarmayıb. Bundan sonra Fazil Mehdiyev polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Samir Hüseynovu həbsə alıb.
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Samir Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustağı olan Samir Hüseynovun barəsində qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib.
Hacı