24 May 2017 15:51
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirləndirilən Yusif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2016-cı ilin noyabrında Quba rayonunun Barlı kəndində 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb.

Ramiz Məmmədov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında əməliyyat otağına aparılarkən dünyasını dəyişib.

Cinayəti törədən Yusif Babayev daha sonra Şövkət İbrahimovaya məxsus maşına minərək, hadisə yerini tərk edib.

Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov 3 uşaq atasıdır.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin iştirak etmədiyi məlum olub. Hakim bildirib ki, maşın qaçırma epizodu üzrə zərərçəkən Şövkət İbrahimova prosesə gəlməyib.

Sonra şahidlər - Valeh Çıraqmuğanlı, Pənah Rüstəmov və Elçin Babayev ifadə veriblər.

Pənah Rüstəmov deyib ki, hadisə günü küçədə evinin yanında dayandığı zaman Yusif Babayev onun yanına gəlib: "Dedi ki, gedək çay içək. Əlində bıçaq vardı, amma qanlı deyildi. Çay içəndə dedi ki, Ramizi vurmuşam".

Zərərçəkən Şövkət İbrahimovanın istintaqa ifadəsi elan olunub. O, taksi fəaliyyəti ilə məşğul olduğunu deyib: "Xaçmazdan Qubaya müştəri aparırdım, Qubada maşını saxlayıb marketə girdim. Dükanda olanda sərnişinlərdən biri qışqırdı ki, maşını apardılar. Sonra bildim ki, Yusif Babayev maşını qaçırıb".

Daha sonra cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı çıxış edərək Yusif Babayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 4 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Təqsirləndirilən Yusif Babayev son sözlə çıxış edib. O, deyib ki, maşını oğurlamayıb: "Sadəcə sürüb getmişəm, maşından heç nə götürməmişəm. Ramizi də qəsdən öldürmədim. İçmişdim, özümü idarə edə bilmirdim. Mənim üstümə bıçaq çəkmişdi, onu qorxutmaq istəyirdim. Dayım nəvəsi idi, peşmanam".

Yusif Babayevin vəkili deyib ki, müdafiə etdiyi şəxsin psixoloji problemləri olub, psixi müalicə alıb.

Məhkəmə kollegiyasının hökmü ilə Yusif Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 ilini həbsxana rejimli müəssisədə çəkəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər