30 May 2017 13:37
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sadiq Heybətov və Röyal Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq Nərimanov rayonu ərazisində Samir Qulubəyovun mənzilindən oğurluq ediblər. Hadisə bu ilin yanvar ayında baş verib. Hər iki şəxs Nərimanov rayonu ərazisində 11 mərtəbəli binanın damından Samir Qulubəyovun 10-cu mərtəbədəki mənzilinə kəndirlə düşüblər.

Evin yataq otağından 4 min dollar, 30 min avro, qızıl zinət əşyaları və bir neçə xarici avtomobilin açarlarını götürüblər.

Sadiq Heybətov və Röyal Kərimov ümumilikdə 129 min manatlıq oğurluq ediblər. Əldə edilən məbləği də öz aralarında bölüblər.

Məhkəmədə hər iki şəxs elan edilən ittihamla özlərini təqsirli bilib. Sadiq Heybətov Samir Qulubəyovla uşaqlıq dostu olduqlarını və oğurluğu ehtiyac üzündən etdiyini söyləyib.

Sadiq Heybətov dostunun evindəki pulu təmir gedən zaman gördüyünü bildirib: "Oğurluğu planlaşdırdıq. 11-ci mərtəbədən düşdük. Pulu aramızda böləndən 6 gün sonra tutulduq".

Sadiq Heybətov pulun bir hissəsini xərclədiklərini, qalan hissəsini isə təhvil verdiklərini deyib.

Digər təqsirləndirilən Röyal Kərimli də əməlindən peşman olduğunu deyib: "Ehtiyac olduğu üçün etmişəm. İşi yox idi. Məcbur qaldıq".

Məhkəmədə təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında barışıq olub. Samir Qulubəyov dəymiş zərər ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətini geri götürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər