Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev həm “Azadlıq” qəzetinin baş redaktorunun 1-ci müavini Rahim Hacıyevin, həm də qəzetin əməkdaşı Xəyal Babayevin ifadələrindən imtina məktublarını yazılı şəkildə hakimə təqdim edib.
Vəkil deyib ki, həmin məktublar məhkəmənin elektron ünvanına da göndərilib.
Həmçinin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də qəzetlə bağlı bütün təşkilati və maliyyə məsələlərinə görə qərar vermək səlahiyyətinin yalnız ona aid olması haqda məhkəməyə məktub göndərib.
Hakim məktubların heç birini qəbul etməyib. Bildirib ki, məktublar ya faks, ya da teleqramla göndərilməlidir.
Faiq Əmirlinin işi üzrə təxminən 30-a qədər şahid haqqında məcburi gətirilmə qərarı çıxarılıb. Amma onlar yenə də məhkəməyə gəlməyiblər. Bu səbəbdən prosesin keçirilməsi baş tutmayıb.
Növbəti proses iyulun 14-də davam edəcək.
Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.
Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.