13 İyul 2017 19:14
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov ifadə verib.

Vidadi Zeynalov istintaqa verdiyi ifadəsini təsdiqləyib.

İttihama görə, Vidadi Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində işlədiyi dövrdə, yəni 2009-2014-cü illərdə nazir Əli Abbasovun göstərişi ilə nazirliyin tabeliyində olan strukturuna daxil olmayan ayrı-ayrı, o cümlədən Bakı Telefon Rabitəsi və İstehsalat Birliyi və digər qurumlarından qanunsuz toplanan pul vəsaitindən sahə üzrə fəaliyyətlərinə ümumi himayədarlıq müqabilində 1 il 6 ay ərzində Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Xidmətinin rəisi Teymur Quliyevə hər ayda 50.000 ABŞ dolları, 2011-ci ildən başlayaraq 2015-ci ilin oktyabr ayına kimi olan dövrdə isə həmin nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanova isə hər ayda 100.000 ABŞ dollar olmaqla rüşvət verilməsi müəyyən edilib.

Vidadi Zeynalov istintaqa verdiyi ifadəsində göstərib ki, nazir Əli Abbasovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktoru Beytulla Hüseynova verdiyi göstəriş əsasında sonuncu 2009-cu ildə hər ayda 200.000 manat, həmin birliyin strukturuna internet xidmətləri də verildikdən sonra isə 2012-ci ildə 300.000 manat, bəzi hallarda isə, yəni həmin ilin yanvar-fevral aylarında abonentlər aylıq abunə haqqını ilkin olaraq bir dəfəyə ödəyən hallarda 500.000-600.000 manat, son üç ildən etibarən isə hər ayda stabil olaraq 400.000 manat pul vəsaitini ayın sonları, növbəti ayın əvvəllərində BTRİB-in baş mühasibi Anar Mustafayev vasitəsilə ona verib:

“Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumlarından da hər ay həmin nazirliyə külli miqdarda pul verilib, bütün pullar nazirin göstərişi ilə məndə toplanıb və nazirin göstərişi ilə də müəyyən olunan qaydada mənim tərəfimdən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevə 50.000 ABŞ dollar, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin rəisi Sübahir Qurbanova isə sürücüləri vasitəsilə 100.000 ABŞ dollar pul verilib. Sübahir Qurbanovun sürücüsünün adı Ramin olub, Teymur Quliyevin sürücüsünün adı isə yadımda qalmayıb”.

Vidadi Zeynalovun ifadəsinə görə, qeyd olunan pul vəsaitləri Teymur Quliyevə son bir il yarım ərzində, Sübahir Qurbanova isə 2011-ci ildən etibarən verilib: “Ümumilikdə Sübahir Qurbanova 4.000.000 ABŞ dolları, Teymur Quliyevə isə 900.000 ABŞ dolları pul göndərmişəm. Həmin qayda MTN və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri tərəfindən müəyyən olunub”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər