Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş berib. Bu il fevralın 21-də Biləcəri qəsəbəsində mağaza sahibi, 29 yaşlı Emin Məmmədov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Emin Məmmədovun həyatını xilas etmık mümkün olub.
Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azər Alxasov saxlanılıb.
Məlum olub ki, Azər Alxasov əvvəllər dəfələrlə məhkum olunub. O hadisəni borc üstündə törədib. Belə ki, Azər Alxasov pulu olmadığından məhəllədə mağaza işlədən Emindən pul istəyib. Ancaq Emin çoxlu borcu olduğundan ona pul verə bilməyəcəyini deyib. Bununla razılaşmayan Azər Alxasov Eminə bir neçə bıçaq zərbəsi vurub.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.
Məhkəmədə ifadə verən Azər Alxasov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, hadisəni pul borcu üstündə törətməyib: "Hadisədən bir gün əvvəl Eminin işlətdiyi mağazaya gəldim. Həmin vaxt içkili olmuşam. Pulum olmadığı üçün Emindən nisyə çaxır istədim. O da mənə çaxır vermədi. Daha sonra mağazadan getdim".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, səhəri gün Emin Məmmədovla rastlaşıb: "Mənə nisyə çaxır vermədiyi üçün onunla mübahisə etdim. Sonra biz ayrıldıq. Bir qədər sonra Emin məni Biləcəri qəsəbısində olan daş karxansı deyilən əraziyə çağırdı. Mən də deyilən əraziyə getdim. Emin ora tək gəlməmişdi. Onun yanında qardaşı və iki tanışı vardı. Biz orada mübahisə etdik. Onların məni döyəcəklərindən ehtiyat etdim. Əvvəlcədən özümü qorumaq üçün götürdüyüm bıçaqla Emini vurdum. Onu vurmaq yox, qorxutmaq məqsədim olub. Eminlə əvvəllər salam-sağolumuz olub. Aramızda ədavət, düşmənçilik olmayıb".
Azər Alxasov ifadəsində qeyd edib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib: "Törətdiyim əməldən peşman olmuşam, Emin də məni bağışlayıb".
Zərərçəkmiş Emin Məmmədov da ifadəsində hadisənin nisyə mal verməməsi səbəbindən baş verdiyini deyib. O qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb və ondan şikayəti yoxdur.
Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə Azər Alxasov 7 il müddətinə azadlıqdan məhrum edilib.