7 Sentyabr 2017 12:08
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a onun vəkili Fuad Ağayev bildirib.

Vəkil deyib ki, bu gün Yasamal rayon Məhkəməsinin verdiyi qərardan şikayət Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, sentyabrın 6-da Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Mehman Əliyev girov müqabilində azadlığa buraxılması ilə bağlı ərizə təmin edilməmişdi.
İttihama görə, Vergilər Nazirliyi Turan İnformasiya Agentliyi MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Məlum olub ki, Turan İnformasiya Agentliyi MMC-nin direktoru Mehman Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanununun tələblərini pozub.

Onun 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər