Bir qrup vətəndaşı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı altında dələduzluq etməkdə ittiham olunan 37 yaşlı Bakı şəhər sakini Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovin sədrliyi ilə baş tutan prosesdə Samirə Nəsirova çıxış edib.
O, təqsirkar olduğunu deyib və məhkəmədən işinə düzgün baxılmasını xahiş edib. Növbəti proses oktyabrın 5-də davam edəcək.
İttihama görə, Samirə Nəsirova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Elçin Əsədov və şəxsiyyəti istintaqa məlum olmayan Vüsal Məhərrəmov adlı şəxslərlə əlbir olaraq mütəşəkkil dəstə yaradıb.
Ələ keçiriləsi şəxsləri tapmaq məqsədilə jurnalist kimi elanlar vermək, Elçin Əsədovun yüksək vəzifəli şəxslərin yaxın qohumu olduğunu söyləmək qərara alınıb, başqa vəzifə bölgüsü aparılıb.
Elçin Əsədovu yüksək vəzifəli şəxslərin yaxın qohumu, “SOCAR” şirkətinin işçisi kimi təqdim edərək söhbətlər aparıb, dəstənin digər üzvü Vüsal Məhərrəmovu isə “SOCAR” şirkətinin kadrlar idarəsinin əməkdaşı kimi təqdim edib.
Dəstə üzvləri 28 nəfər zərərçəkmişi aldadaraq onları yüksək əməkhaqqı ilə işə düzəldəcəklərini vəd etməklə pullarını alıblar.
Samirə Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb. və barəsində həbs qətimkan tədbiri seçilib.
Samirə Nəsirova “Ata yolu” qəzetinin baş redaktoru olub.