Jurnalist Rasim Əliyevin ölümünə görə məhkum olunan Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin hökmdən verdikləri kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Tahir Kəzımovun sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyev gəlməyib.
Hakim Bəxtiyar Hacıyevin məhkəməyə göndərdiyi teleqramı açıqlayıb. Məlum olub ki, vəkil səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasına gələ bilməyəcək.
Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.
İttiham aktına görə, Bakı şəhər sakini, Ann.TV-nin əməkdaşı Rasim Əliyev ötən ilin avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev avqustun 9-da orada vəfat edib.
Baş verən hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.
Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olub.
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb və o, şərti cəza alıb.