Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Zahid Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Zahid Əzizov 9 noyabr 2016-cı ildə saat 10.00-da “VAZ 21053” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub. O, sürət həddini aşan zaman yolu keçən piyada Güləhməd Cavadov u vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Zahid Əzizova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydasını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Onun barəsində toplanmış material baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmənin hökmü ilə Zahid Əzizov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan Zahid Əzizov apelyasiya şikayəti verib. O, şikayətində cəzasını yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Aeplyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
Təqsirləndirilən Zahid Əzizov bildirib ki, himayəsində 3 azyaşlı övladı və həyat yoldaşı var: “Mənə təyin edilmiş ağır cəza azyaşlı uşaqlarımın və arvadımın həyatını ağırlaşdırır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən mənə qarşı heç bir şikayət yoxdur. Ona görə də cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyimi və cəzamın alternativ cəza ilə əvəz edilməsini xahiş edirəm”.
Dövlət ittihamçısı Surac Salmanov birinci instansiya məhkəməsinin hökmünün ədalətli olduğunu, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin heç bir əsası olmadığını qeyd edib. O, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.
Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Zahid Əzizovun apelyasiya şikayəti təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Zahid Əzizovun cəzasını 5 ilə qədər endirib, həmçinin cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.