Bakıda dələduzluqda təqsirləndirilən Natiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Natiq Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İsrail vətəndaşı Ramil Bəşirzadə hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən Ramil Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib.
Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, Ramil Bəşirzadə Natiq Abbasova İsraildən bank vasitəsi ilə 65 min ABŞ dolları göndərib. Natiq Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. Ramil Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini deyib.
Daha sonra Natiq Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Natiq Abbasov Rəfael Həsənova qarşı da dələduzluq edib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilib.