Xaçmaz rayonunda tanışın öldürməkdə təqsirli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrulayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Xaçmaz rayonunda fəhlə işləyən Sərxan İsmayılov kafeyə gəlib və tanışı Əlihüseyn Əzizli ilə yeyib-içib.
Sərxoş olan Əlihüseyn Əzizli Sərxan İsmayılovu nəlayiq ifadələrlə təhqir edib. Sərxan İsmayılov da stolun üstündə olan araq butulkasını onun başına çırpıb. Əlihüseyn Əzizli təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. 3 gün sonra o, həyatını itirib.
Sərxan İsmayılov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.
Anket məlumatları dəqiqləşdirən zaman məlum olub ki, Sərxan İsmayılov Özbəkistanda doğulub. O, Sumqayıt şəhərində rəsmi qeydiyyatda olsa da, Xaçmaz rayonunda yaşayıb. Bir yaşında övladı var, Xaçmaz rayonunda fəhləlik edir.
Məhkəmə baxışı noyabrın 24-nə təyin edilib.