28 Noyabr 2017 14:46
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Teleqraf.com xəbər ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baştutan prosesdə qərar elan edilib.

Qərara görə, Asif Həmidovun vəkili Fariz Namazlının vəsatəti təmin edilməyib.

Asfi Həmidovun vəkili Fariz Namazlı Teleqraf.com-a bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur: “Nazpəri Dostəliyevanın evində oğurluq hadisəsi baş verən zaman Asif Həmidov orada olmayıb. O həmin vaxt Sumqayıtda olub. Onun bu işlərdən, oğurluq hadisəsindən xəbəri yoxdur və buna görə də müvəkkilim kimlərləsə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyini, kiminsə evinə oğurluğa getməsini söyləmək əsaslı deyil”.

Fariz Namazlı əlavə edib ki, Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

İttihama görə, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra Asif Həmidovun avtomobilindən, Yunis Hüseynli və Ruslan Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər