29 Noyabr 2017 13:27
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Quli Bakinski ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə Məhəbbət Namazov vəkili Təranə Əliyevanın suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs bildirib ki, polis əməkdaşları onu küçədə saxlayan zaman özlərini təqdim etməyiblər: “Məni polis idarəsinə aparanda üstümü yoxlamadılar. Şalvarımın cibində yalnız 2000 dollar vardı. Üstümü hadisənin axşamı yoxladılar. Bir nəfər əlində nəsə gətirdi və dedi ki, bu, artıq sənindir. Məni maşınımın yanına apardılar, avtomobildən özlərinin qoyduqları şeyləri də çıxardılar. Maşının açarını isə evdən qardaşım oğlu gətirdi”.

Məhəbbət Namazov qeyd edib ki, onu polis idarəsində döyüblər: “Cinayəti boyunuma götürməyi və Quli haqda danışmağımı tələb edirdilər. Mən onlara sual verdim ki, bəs niyə maraqlanmırsız, bu narkotiki hardan almışam? Onlar sualım sadəcə gülürdülər”.

Təqsirləndirilən şəxs bildirib ki, istintaq dövründə ona öz istəyi ilə vəkil təyin edilməyib: “Gecə idi, həmin vəkil məhkəmədə yatırdı. Onu yuxudan oyatdım ki, qalx, artıq proses bitdi”.

Daha sonra vəkil Məhəbbət Namazovun külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı Nəsimi rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı haqda məhkəməyə bilgi verilməsini istəyib.

Vəkil həmçinin daha 3 vəsatətlə çıxış edib. Vəsatətlərə növbəti iclasda baxılacaq.

Növbəti proses dekabrın 6-da davam edəcək.

İttihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhəbbət Namazov kriminal aləmdə Quli Bakinski ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər