1 Dekabr 2017 11:47
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Qazax rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Gözəl Bayramlının vəkili Elçin Sadıqov bir neçə vəsatətlə çıxış edib. Vəkil müvəkkili barəsində olan cinayət işinə xitam verilməsini və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə baxışı dekabrın 13-nə təyin edilib.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

İlkin araşdırmalarla Gözəl Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər