Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Mehparə Əliyevanı və dörd qızını xüsusi amansızlıqla qətlə yetirərək cəsədlərini yataq otağının zirzəmisində gizlətmiş manyak-qatil ilk və ən ağır cəzasını alıb.
Bu dünyada olduğu kimi, o dünyada da yaş sırası ilə analarının “yanına sığınmış” dörd qızın məzar nişanlarına atalarının əvəzinə əzabkeş anaları Mehparənin adı və qızlıq soyadı yazılıb. Əslində bu, günahsız qətlə yetirilən ana və dörd qızın onları öldürən “ailə başçısından” aldıqları ən böyük qisasdır...
Fakta bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dünən Salyan Rayon Məhkəməsində cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Bu gün isə hər iki təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülüb./Virtualaz.org/