“Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, istintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olaraq cinayət əlaqəsinə girib, qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşib.
Bundan başqa, Cahangir Alışovun Habil Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Cahangir Alışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Habil Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri, o cümlədən vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb.
Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.
Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.
Karvansaray epizodu üzrə iş adamı Qədir Ədilova qarşı cinayətin törədilməsi sübuta yetirilməyib. Həmin epizodlar üzrə cinayət işinə xitam verilib.
Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.
Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib.
İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan "Metropolitenin"nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.
Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.
Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.