Sumqayıt şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Elşən Əhmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Elşən Əhmədəliyev sərxoş vəziyyətdə 19 fevral 2017-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Kəklikotu” çay evinə gəlib.
Elşən Əhmədəliyev çay evinin zalında Əlyağa Ağamirzəyevlə zarafat edib. Zarafat mübahisəyə, mübahisə isə sonradan davaya çevrilib. Dava zamanı Elşən Əhmədəliyev Əlyağa Ağamirzəyevi bıçaqlayıb. Yaralı vaxtında xəstəxanaya yerləşdirildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Elşən Əhmədəliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Əhmədəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elşən Əhmədəliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və ona şərti cəza təyin edilməsini xahiş edib.
Elşən Əhmədəliyev şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı onun bu əməlinə görə ağır iztirab çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailədə yeganə qazanc gətirən olmasını, atasının ağır xəstəliyini nəzərə almayıb.
Elşən Əhmədəliyevin apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.
Elşən Əhmədəliyevin şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edilib.
Məhkəmə Elşən Əhmədəliyevin cəzasını 2 ilə endirib.