8 Yanvar 2018 17:39
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid Osman Kərimov təqsirləndirilən Qalib Kərimovun qardaşı olduğunu deyib.

Hakim bildirib ki, qanunvericiliyə əsasən yaxın qohumlar ifadə verməyə bilər. Osman Kərimov isə istintaqa hər şeyi danışıdığını deyib: “Hadisədən sonradan xəbər tutmuşam. İfadəmi təsdiqləyirəm. Başqa ifadə vermək istəmirəm".

Dövlət ittihamçısının suallarına cavab olaraq Osman Kərimov bildirib ki, qardaşı həbs ediləndən sonra digər təqsirləndirilən Firudun Axverdiyevlə bir neçə dəfə təcridxanaya gəlib: “Qardaşım həbs edilən zaman nə Firudun həbs edilmişdi, nə də Vüsal. Qardaşıma pul lazım idi. Vüsalın atası 2300 dollar verdi. Mənim də imkanım yox idi. Pulu xırdalayıb qardaşımın yanına gəldim. Mən içəri girmədim. Firudun qardaşımın yanına keçdi”.

Vəkillərin suallarına cavab verən şahid bildirib ki, həmin pulu niyə verildiyini bilmir.

Digər təqsirləndirilən Firudun Axverdiyev deyib ki, pulu ona Vüsalın atası göndərib: “Osman mənə xəbər gətirdi. Mən də zəng elədim Rusiya ilə danışdım. Ordan mənə xəbər göndərildi ki, pul Elşad adlı oğlandadır. Getdim, ondan götürüb, Osmana verdim. O pul da Sumqayıtda olan vəkilə çatacaqdı. Lakin vəkil o pulu yeyib heç nə etmədi”.

Prosesdə şahid qismində İslam Axverdiyev dindirilib. O, təqsirləndirilən Firudin Axverdiyevin oğlu olduğunu, hadisəni rayonda camaaatdan eşitdiyini deyib: “Hadisədən xeyli keçəndən sonra atam həbs edildi. Atamın bu hadisəni törədəcəyinə inanmıram”.

Növbəti proses yanvarın 15-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıb və Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.

Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə İlqar Məmmədovun topdansatış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.

Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər