11 Yanvar 2018 18:05
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Əzizə Axundova ifadə verib.

O bildirib ki, Fərəh Rəşadətlinin qohumudur: “Bankdan şikayətçiyəm, əvvəl 400 min əmanət qoyduq, ümumi 1 milyon 115 min manat idi. 2015-ci ilin aprelində dollara çevirdik, oktyabr ayına kimi faizi aldım. Sonra isə ala bilmədik. Maraqlandım, Fərəh dedi bankda problem var, verəcəyik. Sonra pulumuzu götürmək istədik, o da uzandı. Biz də bankdan şikayət etdik, rəhbərlik də işi Fərəh xanımın üstünə atdı. Mən Fərəh xanımdan şikayət etməmişəm”.

Zərərçəkmişin sözlərinə görə, müqaviləni Fərəh xanımla bağlayıb: “Çünki qohumumuz idi deyə onu seçdik. Onun bacısı bizim gəlinimizdir. Ora oğlum Tural Axundovla birgə getmişdik. Mən 2014-cü ildə qoyduğum 250 min manatın faizini ayda 3 mindən çox olaraq 2015-ci ilin oktyabrına kimi almışam. Qalan pulun isə faizini almamışam, çünki deyilmişdi ki, yığılıb pulun üstünə gəlsin. Pulumu da Fərəh xanımdan yox, bankdan tələb edirəm”.

Fərəh Rəşadətli deyib ki, Əzizə Axundova yalan danışır: “2012-ci ildə qoyduqları pulun faizini 2015-ci ilin dekabr ayına kimi alıblar. Amma Əzizə xanım heç vaxt bizim filialda olmayıb, mənə əlbəəl pul verməyib”.

Tural Axundov ifadə verərək deyib ki, Fərəhi tələbə vaxtlarından tanıyıb: “Qohum olandan sonra əlaqələrimiz yaxşılaşdı. Fərəh filial müdiri təyin olunandan sonra mənə dedi ki, bura çoxlu pul qoyulsa, onun portfeli müsbət olacaq. Mən xırda-xırda məbləğlərdə pul qoymağa başladım. 2011-ci ildə 85 min pul qoydum. O bizə demişdi ki, qoyduğumuz pulları faizi ilə birlikdə sonda alacağıq. Ümumi olaraq ailəmizin banka qoyduğu pul 2 milyondan çox olub. Pulumuzu istəyəndə vaxtı uzatdı, şikayət etdik. Atamı bankın sədri özü danışığa çağırdı”.

Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, Fərəh Rəşadətli “Dəmir Bank”ın filial müdiri olub, Tamamgül Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. Fariz Qarayev isə bankın əməkdaşı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər