Beyləqanda orta məktəb müəllimi Gülnar Yusifovanın bir neçə media qrumunun rəhbərlərinə qarşı çıxarılmış qətnamədən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Şirvan Apelyasiya Məhkəməsində hakim Tofiq Heydərovun sədrliyi baş tutan prosesdə cavabdehlər – Criminal.az informasiya saytının rəhbəri Anar Məmmədov, Turaneli.tv informasiya saytının rəhbəri Mətləb Allahverdiyev, Ajantv.com informasiya saytının rəhbəri Tural Əliyev və baş redaktor Anar Ayvazlı, qaynarxett.az informasiya saytının rəhbəri Elnur İsmayıllı və İsmayıl Nəsirovun apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, onların Beyləqan rayon Məhkəməsinin qətnaməsindən verdikləri şikayət təmin edilməyib.
Qeyd edək ki, iddiaçı Gülnar Yusifova cavabdehlərə qarşı şərəf və ləyaqətin müdafiəsi, şərəf və ləyaqətə görə pul tələbinə və cavabdehin təkzib verməklə rəsmi üzr istəməsinə dair iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət edib.
Xahiş edib ki, cavabdehlərdən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə hər biri 40 min manat təzminat ödəməlidir.
İddiaçı bildirib ki, Beyləqan rayonunda Təzəkənd kəndində yaşayır və müəllimədir, müəllimə kimi nüfuza malikdir. Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan İsmayıl Nəsirov onun barəsində “ajantv.com” saytında heç bir əsası olmayan, “Beyləqan məktəbində rəzalət” sərlövhəli məqalə yazıb.
Digər media qurumları da həmin saytın məlumatını istinadla yayıblar.
Beyləqan rayon Məhkəməsi iddiaçının şikayətini təmin edib, hər bir jurnalistin cavabdehə 40 min manat təzminat ödəməsi barədə qərar qəbul edib.
Anar Məmmədov Teleqraf.com-a bildirib ki, Şirvan Apelyasiya Məhkəməsinə müraciət edərək iş üzrə cavabdeh sayılmasının mümkünsüz olduğunu göstərib. Baş redaktor iddiaçının etirazına, məhkəməyə üz tutmasına səbəb olan yazının “ajantv.com” saytından götürdüyünü, həmin sayta istinadla yaydığını hakimin diqqətinə çatdırıb.
Jurnalistin sözlərinə görə, həmin sayt bu barədə heç bir təkzib verməyib: “Bu səbəbdən bizim saytda da təkzib verilməsi, üzr istənilməsi barədə qətnamənin çıxarılması qanunsuzdur. Bütün bunlara baxmayaraq apelyasiya instansiyasında işə baxan hakimlər şikayətimizi təmin etmədi”.
Anar Məmmədov apelyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəyini bildirib.