Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun ifadə verməsi barədə qərar qəbul edilib.
Növbəti prosesdə ifadə verməsi üçün onun yaşadığı ünvana çağırış göndəriləcək.
Proses martın 2-də davam edəcək.
İttihama görə, Rahib Hüseynov külli miqdarda əmlakı ələ keçirib. O, zərərçəkmiş Qoşqar Zeynalovun 4 milyon 300 min manat pulunu alıb və Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Bundan başqa, Rahib Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Rahib Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilir. Onun barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə araşdırılır.
Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.
Cinayət materiallarına əsasən, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Barəsində həbs qətimkan tədbiri seçilən Emil Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, Emil Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Emil Hüseynov və Rahib Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.