Siyəzən rayonunda saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Siyəzən rayon polis şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib.
Ruslan Hacıyev saxta əskinasları polisə təqdim edib.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.