İrandan Azərbaycana gizli yolla narkotik keçirilməsi ilə bağlı daxili işlər orqanlarının əməkdaşları əməliyyat tədbirləri keçirib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik maddə keçirməsi barədə məlumat daxil olub.
Həmin şəxs saxlanılıb, onun üzərindən 51,42 qram, mənzilindən isə 123,42 qran heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamında Çingiz Mansurovla cinayət əlaqəsinə girərək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər - paytaxt sakinləri Emin Tağıyev və əvvəllər məhkum olunmuş Azad Dadaşov saxlanılıb.
Azər Dadaşovun yaşadığı evə baxış zamanı 560,328 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü olan Çingiz Mansurov bir müddət əvvəl şəxsi avtomobili ilə dövlət sərhədini keçərək İran İslam Respublikasına gedib. Orada Cəmşid adlı şəxslə cinayət əlaqəsinə girərək 1 kiloqrama yaxın heroini satmaq məqsədi ilə Azərbaycana aparmaq barədə razılığa gəlib.
Heroin Çingiz Mansurovun avtomobilinin arxa təkər sistemində gizlədilib və ölkəyə keçirilib.
Narkotik maddənin satışı isə Emin Tağıyev və Azər Dadaşov tərəfindən təşkil olunmalı imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.