2 Aprel 2018 12:20
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mirislam Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə yol-nəqliyyat hadisəsi zamanı vəfat edən zərərçəkmiş Səid Salmanovun hüquqi varisinin nümayəndəsinin mülki iddiası elan edilib.

Məlum olub ki, zərərçəkmiş tərəf təqsirləndirilən şəxsə qarşı ümumilikdə 50 min manatlıq mülki iddia qaldırıb.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Mirislam Yaqubov özünü təqsirli bilməyib. O sərbəst ifadəsində deyib ki, hadisə səhərə yaxın baş verib, hava dumanlı olub:

"Yüklü "Kamaz"la gedirdim. Hava dumanlı idi. "Mersedes" isə yolun kənarında, döngədə dayanmışdı. Orada üç nəfər var idi. "Kamaz"ı düz sürsəydim, hər üçü ölə bilərdi. Maşını kənara çəkəndə aşdı, içərisindəki "kubik"lər "Mersedes"in üstünə töküldü".

Növbəti proses aprelin 6-da davam edəcək.

İttihama görə, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində baş verib. Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “Kamaz” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mersedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub.

Nəticədə “Kamaz” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mersedes” markalı avtomobilin üzərinə dağılıb. Xəstəxanaya yerləşdirilən Səid Salmanov orada ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər