FETÖ terror təşkilatının üzvü olan hərbçi 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdlə bağlı aparılan məhkəmə prosesində müğənni Hadisənin dindirilməsini tələb edib.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Yılmaz adlı zabit ifadəsində iyulun 15-i axşam saatlarında ailəsi ilə birgə ticarət mərkəzində olduğunu, daha sonra müğənni Hadisənin konsertinə getdiklərini və baş verən hadisədən bixəbər olduğunu deyib. Zabit günahsız olduğunun sübuta yetirilməsi üçün alış-veriş etdiyi dükanların təhlükəsizlik kameralarına baxış keçirilməsini və Hadisənin şahid qismində dindirilməsini istəyib.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamısı Rüfət Bakan isə şübhəlilərin fikirlərinin həqiqətdən uzaq olduğunu bildirib: “Görmədim, eşitmədim, eləmədim deyirlər, biz onlara canımızı, malımızı, Vətənimizi əmanət etmişdik. Millət küçələrə axışıb çevrilişə cəhd edənlərin qabağını kəsmişdi, sadə vətəndaşlar bu xain addımdan xəbərdar olduğu halda, canımızı əmanət etdiyimiz əsgərlər bundan xəbərsiz olduqlarını deyirlər. Lap vəziyyət onların dediyi kimi olsaydı belə, ortada önəmli məqam var. Dövlət çevirilişinə cəhdi nağara, zurna ilə elan etməliydik?”
Hakimlər fasilədən sonra müğənni Hadisənin dindirilməsinə ehtiyac olmadığını açıqlayıb və şübhəlilərin həbs müddətinin qüvvədə qalmasına, məhkəmə prosesinin qeyri-müəyyən vaxtadək təxirə salınmasına qərar verib.