Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və onun müavini, 1961-ci il doğumlu Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Arzuman Həsənov ifadə verib.
Şahidin sözlərinə görə, hazırda bizneslə məşğuldur: “Özüm villa, ev tikib satıram. Həmin ərazidən torpağı əvvəl onlardan aldım. Sonra dedilər ki, torpaq veteranlara veriləcək, mən də satdım. Heç xeyir də götürmədim”.
Arzuman Həsənov bildirib ki, torpaq almaq üçün 30 min manat vəsait verib.
Şahid qeyd edib ki, 1992-1996-cı illər arasında Qarabağ döyüşlərində iştirak edib: “Daha əvvəl isə Almaniyada hərbi xidmətdə olmuşam. Amma Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvüyəm”.
Bu zaman hakim bildirib ki, Arzuman Həsənovun istintaqda verdiyi ifadəsi ilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyət var. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Həmin ifadədən məlum olub ki, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Cavan Əhmədovdan 10 sot torpaq almaq üçün razılığa gəliblər: “Torpaq sahəsini qohumum Rauf Həsənovun adına almışam. Torpaq almaq üçün 30 min manat pulu isə Ənvər müəllimə vermişəm. Elə bilmişəm ki, bu puldan Cavan Əhmədovun xəbəri var. Sonra isə torpağı satmışam”.
İbtidai istintaq zamanı verdiyi ifadəsinə münasibət bildirən Arzuman Həsənov təqsirləndirilən şəxslərə pul vermədiyini deyib.
Təqsirləndirilən Məhəmməd Vəliyev bildirib ki, Ənvər adlı şəxs daha əvvəl birliyin İdarə Heyətinin üzvü olub, həmçinin polisdə çalışıb.
Digər şahid Şöhrət Əliyev bildirib ki, birliyin üzvü olub: “2008-ci ildə Cavan müəllimin qəbulunda olmuşam. 6 sot torpağı ölçdülər. Sonra sənədləşdirmək üçün sotuna 1000 manat pul istədilər. Cavan Əhmədova 6 min, bələdiyyə sədrinə isə rüsum üçün 2520 manat pul verdim”.
Cavan Əhmədov isə Şöhrət Əliyevdən pul istəmədiyini bildirib.
İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar.
Onlardan şikayət edən zərərçəkmişlər də veteranlardır.
Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.