Sabirabad rayonunda özünü Kür çayına ataraq intihar edən şəxsin kimliyi məlum olub.
Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Kür çayının Ulacalı kəndindən keçən hissəsindən özünü suya ataraq intihar edən Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Rəşad Cəfərovdur. Onun meyitinin tapılması üçün tədbirlər görülür.
Qeyd edək ki, avqustun 12-də, günün ikinci yarısında Sabirabad rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, Beyləqan sakini olduğu bildirilən 30-35 yaşlarında kişi özünü Kür çayının Ulacalı kəndindən keçən hissəsində olan körpüdən suya atıb. Həmin şəxs Kür çayında boğulub.
Hadisənin şahidləri dərhal rayon polis şöbəsinə məlumat veriblər. Hadisə yerinə Rayon polis şöbəsi, prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri gəlib. Hazırda özünü Kür çayına atan şəxsin axtarışları davam etdirilir.
İntihar edən şəxs bir neçə il əvvəl Sabirabad rayonun Qaraqaşlı kəndindən bir qızla ailə həyatı qurub. Bu gənclərin ailəsində problem yaranıb. Həyat yoldaşını götürən Beyləqan sakini evdən çıxıb. O, həyat yoldaşını Qaraqaşlı kəndində yaşayan qayınatasının evinə gətirib. Həyat yoldaşını qayınatasının evinə qoyan gənc oğlan daha sonra özünü Kür çayına atıb. Deyilənə görə, mərhumun həyat yoldaşını evdə yola verməyiblər. Buna görə də dəfələrlə bu ailədə narazılıq olub.
Hadisə ilə bağlı hazırda araşdırmalar davam edir.
Hacı Zeynalov