7 İyun 2018 12:28
2 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quldurluq və adam öldürməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Eşqin Murtuzov Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərbə vurmaqla quldurluq törətmək) maddələri ilə ittiham olunub.

İttihama görə, hadisə ötən il yanvarın 17-də axşam saatlarında Şəmkirin Seyfəli kəndində baş verib.

Kənd sakini Eşqin Murtuzov Gəncədə əyləşdiyi taksinin sürücüsü, 59 yaşlı Namiq Babayevə yolda hücum edib, onu kəsici alətlə yaralayıb.

Daha sonra Eşqin Murtuzov sürücünün mobil telefonun və nağd pulunu ələ keçirib, avtomobili isə həmkəndlisinə satıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən sürücü Namiq Babayev üç gün sonra dünyasını dəyişib.

Bu cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyasında araşdırılıb. Məhkəmənin hökmü ilə Eşqin Murtuzov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının 5 ilini qapalı rejimli həbsxanada, qalan hissəsini isə ciddi rejimdə cəzaçəkmə müəssisində çəkməsi qərara alınıb.

Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə araşdırması aparılan zaman Eşqin Murtuzov məhkəmədən qaçmağı bacarmışdı.

O, məhkəmə zalından qaçsa da, bir neçə gün sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb və məhkəməyə təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər