25 İyun 2018 10:45
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qətl törətməkdə təqsirli bilinən 33 yaşlı Samir Mahmudovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən il sentyabrın 23-də Quba rayonunun Əliməmmədoba kəndində Samir Mahmudov Eldar Əhmədovun baş nahiyəsinə daşla vuraraq onu qətlə yetirib.

Ailə üzvləri ilə birgə Eldar Əhmədova məxsus alma bağında işləyən Samir Mahmudovla bağ sahibi arasında bir neçə dəfə mübahisə düşüb.

Mübahisəyə alma bağına yaxşı baxılmaması, ağacların quruması səbəb olub. Samirin özü və atası Ənvərşah Mahmudov işdən qovulsalar da, bağdan çıxmaq istəməyiblər.

Bağ sahibi ilə Mahmudovlar arasındakı sonuncu insident zamanı qan tökülüb. Samir Mahmudovun atdığı daşlardan biri Eldar Əhmədovdan yan keçsə də, ikincisi hədəfə dəyib. Baş nahiyəsindən ağır xəsarət alan Eldar Əhmədov hadisə yerindəcə dünyasını dəyişib.

Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samir Mahmudov saxlanılıb.

İstintaq orqanı tərəfindən Samir Mahmudovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Mahmudov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Samir Mahmudov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın sərt olduğunu qeyd edib və həmin cəzanın daha yüngül cəza ilə əvəz olunmasını istəyib.

Samir Mahmudovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri üzrə dinləmə olub.

Məhkəmədə ifadə verən Samir Mahmudov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, mərhum ağacdan yıxılması nəticəsində dünyasını dəyişib.

Samir Mahmudovun sözlərinə görə, hadisədən əvvəl atası ona zəng edib və bağa çağırıb. Qeyd edib ki, atası ona Eldar tərəfindən təhqir olunduğunu deyib: “Mən atama dedim ki, burdan gedək. Bu zaman Eldar yenə də təhqir etməyə başladı. Eldar ailə üzvlərimin ünvanına söyüş söyən zaman onun üstünə hücum çəkdim. Amma ətrafdakılar məni sakitləşdirdi. Atamla birlikdə bağdan gedəndə Eldar mobil telefonla danışırdı. Mən Eldarı öldürməmişəm. Hadisə zamanı atdığım hər iki çay daşı Eldara yox, alma ağacına dəyib. Mən bağdan çıxanda Eldar sağ idi. Onun hansı səbəbdən öldüyünü bilmirəm. Amma bu işi doğru-düzgün araşdırsalar, görəcəklər”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leyla Əhmədova bildirib ki, həyat yoldaşı Mahmudovlar ailəsinə yaxşılıq edib, amma qarşı tərəf bu yaxşılığın əvəzinə onları şantaj etməyə başlayıb.

Zərərçəkmişin sözlərinə görə, iki il müddətdə Mahmudovlar ailəsi onlara məxsus bağda işləyiblər: “Bağa baxmaq üçün Eldar onlara maşın da vermişdi. O ailəyə hər cür yaxşılıqlar etmişdi. Bir müddət işlədikdən sonra məni, qızımı, baldızımı şantaj etməyə başladılar. Samir polisə şikayət etmişdi ki, guya yoldaşım bunları bağda işlədib, amma pullarını verməyib. Yoldaşım onları bağdan qovsa da, çıxmadılar. Polisə müraciət etdik. Samir baldızımın oğlunun üstünə bıçaq çəkmişdi. Biz bununla bağlı da polisə məlumat vermişdik. Yoldaşım bunun hərəkətlərindən bezmişdi. Sonra da yoldaşımın səhhəti pisləşdi. Bundan istifadə etməyə başladılar. Bağı ələ keçirmək istəyirdilər”.

Növbəti proses iyulun 26-da davam edəcək.


Müəllif: Hacı Zeynalov